Beynəlxalq səyahətçilərdən ibarət qrupun Qarabağ səfərinin ikinci günü
Extreme Traveler International Congress (ETIC) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilərin Qarabağa səfərinin ikinci günü başlayıb. ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya, Portuqaliya olmaqla 8 ölkədən gələn heyətin Şuşa və Füzuli şəhərlərinə səfəri planlaşdırılıb. Qonaqlar əvvəlcə Şuşa şəhərinin tarixi və mədəniyyəti ilə tanış olub, şəhərin işğalı zamanı Natəvan, Bülbül və Üzeyir Hacıbəyovun güllələnmiş büstlərinə baş çəkiblər. Daha sonra səyyahlar Şuşadakı Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər. Səfər çərçivəsində son olaraq qonaqlar Füzuli şəhərinə gəliblər. Beynəlxalq səyyahlar bölgədə Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən həyata keçirilən minatəmizləmə prosesi ilə tanış olublar. Onlara mina təhlükəsi və mülki əhali arasında çoxsaylı qurbanlar barədə məlumat verilib.
