Kateqoriyalar
Sırala

Dövlət Turizm Agentliyinin Şəkiyə təşkil etdiyi mediatur

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə oktyabrın 20-21-də Şəki şəhərinə mediatur təşkil olunub. Səfərin məqsədi bölgənin turizm potensialını, tarixi-mədəni irsini, həyata keçirilən bərpa layihələrini və turistlər üçün yaradılan şəraiti ictimaiyyətə təqdim etmək olub. Mediatur çərçivəsində jurnalistlər “Yuxarı Baş” Milli Tarix-Memarlıq və “Kiş” Tarix-Memarlıq qoruqlarına baş çəkərək tarixi abidələr, maddi-mədəni irs nümunələri və yeni turizm infrastrukturu ilə tanış olublar. Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli qoruqlarda tarixi-mədəni irsin qorunması, bərpa və konservasiya işləri, eləcə də turizm infrastrukturunun inkişafı istiqamətində görülən tədbirlər barədə məlumat verib. Bildirilib ki, “Yuxarı Baş” qoruğunun ərazisində yerləşən Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəbəkə Emalatxanası və Təlim Mərkəzi bərpadan sonra 2026-cı ildə istifadəyə verilib. 2026-cı ilin yanvar-sentyabr aylarında “Yuxarı Baş” qoruğunun ərazisində yerləşən Xan sarayını 128 487 turist bilet alaraq ziyarət edib. Onlardan 72 309-u yerli, 56 178-i xarici turist olub. Bundan əlavə, 42 050 nəfər qoruğu ödənişsiz ziyarət edib. Jurnalistlər Qala Divarları Kompleksində yerləşən XIX əsrə aid Barıt anbarı binası ilə də tanış olublar. Hazırda burada sənətkarlıq emalatxanası və dulusçuluq mərkəzi fəaliyyət göstərir. Dulusçu Şöyüb Məmmədov gil məmulatlarının hazırlanma prosesini nümayiş etdirib. Mediatur iştirakçıları “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində, Şəki Tarix-Diyarşünaslıq Muzeyində, Şəbəkə Emalatxanası və Təlim Mərkəzində, eləcə də Şəki Dövlət Rəsm Qalereyasında olublar. Səfərin digər ünvanı “Kiş” Tarix-Memarlıq Qoruğu olub. Jurnalistlər Qafqazın ən qədim apostol məbədlərindən biri hesab edilən Kiş Alban məbədi ilə tanış olub, onun tarixi və memarlıq əhəmiyyəti barədə məlumat alıblar. Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında “Kiş” Tarix-Memarlıq Qoruğunu 40 278 turist bilet alaraq ziyarət edib. Onların 21 615-i yerli, 18 663-ü xarici turist olub. Bundan başqa, 9 066 nəfər məbədi ödənişsiz ziyarət edib. Mediatur çərçivəsində jurnalistlər Kiş kəndindəki “Ruh açarı” qonaq evi, Şəki şəhərində yerləşən “Süsən” Kəlağayı Emalatxanası və Kəlağayı Muzeyi ilə də tanış olublar. Yuxarı Karvansaray abidə kompleksində isə Şəkinin məşhur yeməklərindən olan pitinin hazırlanma prosesi nümayiş etdirilib. Səfər zamanı jurnalistlərin sualları cavablandırılıb, bölgənin tarixi-mədəni irsinin qorunması, sənətkarlıq ənənələrinin yaşadılması və turizm imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Çəkiliş tarixi: 21 oktyabr 2026
Şəkillərin sayı: 54
Fotoqraflar:
Rufat Mikayilov
Rufat Mikayilov
arrow-up