Dövlət Turizm Agentliyinin Şəkiyə təşkil etdiyi mediatur
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə oktyabrın 20-21-də Şəki şəhərinə mediatur təşkil olunub. Səfərin məqsədi bölgənin turizm potensialını, tarixi-mədəni irsini, həyata keçirilən bərpa layihələrini və turistlər üçün yaradılan şəraiti ictimaiyyətə təqdim etmək olub. Mediatur çərçivəsində jurnalistlər “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğuna baş çəkərək tarixi abidələr, maddi-mədəni irs nümunələri və yeni turizm infrastrukturu ilə tanış olublar. Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli qoruqlarda tarixi-mədəni irsin qorunması, bərpa və konservasiya işləri, eləcə də turizm infrastrukturunun inkişafı istiqamətində görülən tədbirlər barədə məlumat verib. Bildirilib ki, “Yuxarı Baş” qoruğunun ərazisində yerləşən Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəbəkə Emalatxanası və Təlim Mərkəzi bərpadan sonra 2026-cı ildə istifadəyə verilib. 2026-cı ilin yanvar-sentyabr aylarında “Yuxarı Baş” qoruğunun ərazisində yerləşən Xan sarayını 128 487 turist bilet alaraq ziyarət edib. Onlardan 72 309-u yerli, 56 178-i xarici turist olub. Bundan əlavə, 42 050 nəfər qoruğu ödənişsiz ziyarət edib.
