Bakının ən qədim və gözəl parklarından biri olan Filarmoniya bağı
Filarmoniya bağı Bakının mərkəzində, İçərişəhər metrosunun yanında yerləşir. Bu bağ 1830-cu illərdə iki qala divarı arasındakı sahədə salınmışdır. Bağın inkişafı Bakı komendantı Xovenin sayəsində mümkün olmuşdur. Xoven bağ üçün İrandan gələn tacirlərə xüsusi vergi tətbiq etmiş, pul əvəzinə münbit torpaq gətirmə ohdəliyi qoymuşdur. Bağ ərazisində zeytun, tut ağacı, qarağac, şam, akasiya əkilmişdir. 1859-cu ildə xarici qala divarları söküldükdən sonra bağın ərazisi genişləndirilmişdir. Həmin dövrdə bağ ərazisində artıq 12000 ağac əkilmişdir. 1876-cı ildə bağda hovuzlar tikilir, çardaqlar quraşdırılır. Hovuzlarda qu quşu, qaz və ördək saxlanılırdı. 2009-cu ildə bağda əsaslı yenidənqurma işləri aparıldı. Filarmoniya Bağı həm yerli sakinlər, həm də turistlər üçün sevimli istirahət məkanlarından biridir. Parkın təmizliyi və abadlığı mütəmadi olaraq qorunur, bu da onu şəhərin mərkəzində sakit və xoş bir sığınacaq halına gətirir.
