Heydər Əliyev Mərkəzinin parkında baş tutan Uşaq festivalı
Heydər Əliyev Mərkəzinin parkında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan Uşaq Festivalı keçirilib. Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutan festivalda hər bir azyaşlı və yeniyetmə öz maraq dairəsinə uyğun əyləncə seçib, asudə vaxtını keçirə bilib. Uşaqların Beynəlxalq Müdafiəsi Günündə təşkil edilən festivala şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın övladları, uşaq evlərinin sakinləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar da dəvət alıb. Tədbir zamanı Heydər Əliyev Mərkəzinin parkı mövzular və əyləncə növləri üzrə zonalara bölünüb. Burada maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunub. Festival çərçivəsində uşaq və gənclərin iştirakı ilə müxtəlif konsert proqramları təşkil olunub, gənc istedadlar öz bacarıqlarını nümayiş etdirib, rəqs qrupları və musiqi ansambllarının ifasında maraqlı çıxışlar olub, viktorinalar keçirilib.
