Sündü kəndində yerləşən qədim məscid
Dördkünc formada inşa edilən bu məscid Qobustan rayonunun Sündü kəndində yerləşir. Xəlvətxana hücrələri olan məscidin minarəsi yoxdur. Giriş qapısının üzərindəki daş kitabədə ərəb dilində məscidin hicri tarixlə 307-ci ildə (miladi tarixlə 920-ci ildə) tikilməsi qeyd olunub. Bundan əlavə, kitabələrdə məscidin iki dəfə - hicri 1070-ci ildə (miladi tarixlə 1757-ci ildə) və hicri 1295-ci ildə (miladi 1878-ci ildə) bərpa olunması tarixləri də öz əksini tapıb.1920-ci ilədək sərbəst fəaliyyət göstərən məscidin nəzdində dini təhsil verən məktəb kənd sakinlərinə xidmət göstərib. Həmin dövrdə məscidin imamı Hacı Nəsrullah əfəndi olub. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra məscidin fəaliyyəti dayandırılıb və ondan 1990-ci illərə qədər taxıl anbarı kimi istifadə olunub. 1997-ci ildə məscidin fəaliyyəti bərpa edilib və 2003-cü ildə məsciddə yenidən bərpa işləri aparılıb.
