Beynəlxalq səyyahların Cəbrayıl səfəri
Dünya şöhrətli səyyahlar Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Cəbrayıl rayonuna gəliblər. İlkin olaraq səfər iştirakçılarına Cəbrayıl şəhərində erməni işğalından azad edildikdən sonra aparılan bərpa və tikinti işlərinin gedişi barədə məlumat verilib. Daha sonra səyyahlar Mehdili kəndində minatəmizləmə əməliyyatı ilə tanış olublar. Qrup üzvlərini ANAMA-nın 3 saylı təmizləmə dəstəsinin əməliyyat rəhbəri Qadir Namazəliyev məlumatlandırıb. Onlara Ermənistanın işğalından sonra qalan mina təhlükəsinin miqyası, o cümlədən istehkamçıların fəaliyyəti və ərazinin partlayıcı obyektlərdən təmizlənməsi üçün istifadə olunan müasir texnologiyalar barədə məlumat verilib. 15 ölkədən 30 nəfərdən ibarət səyyahın yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili (Charles Veley) rəhbərlik edir. Qeyd edək ki, bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün böyük imkan yaradır.
