18 avqust - Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı
Avqustun 18-i Sərhəd Qoşunlarının yaranması günüdür. Bu gün Dövlət Sərhəd Xidmətinin əməkdaşları peşə bayramlarını qeyd edirlər. 18 avqust 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə 18 avqust hər il sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il avqustun 18-nin sərhədçilərin peşə bayramı günü kimi rəsmiləşdirməsi Azərbaycanda sərhədçi peşəsinə verilən əhəmiyyətin təzahürüdür. Hazırda Prezident İlham Əliyevin bu sahəyə diqqəti nəticəsində dövlət sərhədlərinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri baza yaradılmışdır. Hər bir ölkənin dövlət müstəqilliyini və ərazi bütövlüyünü təsdiq edən amillərdən biri də onun dövlət sərhədləri və bu sərhədlərin toxunulmazlığıdır. Bu baxımdan hava limanında da sərhəd nəzarəti xüsusi qaydalarla həyata keçirilir. Heydər Əliyev Beynəlxalq hava limanında sərhəd nəzarəti şöbəsinin şexsi heyəti sutka ərzində fasiləsiz olaraq dövlət sərhədindən keçən şəxslər və həmçinin hava gəmiləri üzərində etibarlı sərhəd nəzarətini həyata keçirir. Bu nəzarətin əsas məqsədi dövlətin təhlükəsizliyini təmin etmək, miqrasiya və gömrük qaydalarına əməl olunmasına nəzarət etməkdir. İlk mərhələdə beynəlxalq uçuşlarla gələn sərnişinlər pasport nəzarəti məntəqəsindən keçir. Burada onların şəxsiyyətini təsdiq edən sənədlər yoxlanılır, vizaların etibarlılığı araşdırılır. Şübhəli məqam aşkarlanarsa, sərnişin əlavə sorğu-suala cəlb olunur. Daha sonra sərnişinlər gömrük nəzarətindən keçir. Bu mərhələdə ölkəyə gətirilən mallar, valyuta və digər əşyalar gömrük əməkdaşları tərəfindən yoxlanılır. Sərhədlərimizin toxunulmazlığının təmin edilməsi və etibarlı qorunmasının aktual olduğu dövrdə Azərbaycan sərhədçiləri öz peşə borclarına sadiq qalaraq vətənin keşiyində layiqincə dururlar.
