Dövlət Turizm Agentliyinin Naxçıvana təşkil etdiyi mediatur
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasına media nümayəndələrinin səfəri təşkil edilib. Mediaturun məqsədi Naxçıvanın çoxçeşidli turizm potensialının və turizm əhəmiyyətli məkanlarının tanıdılması, eləcə də bölgəyə turist səfərlərinin təşviq edilməsidir. Mediatur çərçivəsində jurnalistlər ilk olaraq Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra Şahbuz rayonunda yerləşən "Ağbulaq" İstirahət Mərkəzinə səfər edilib. Məlumat verilib ki, dəniz səviyyəsindən 2078 metr yüksəklikdə yerləşən mərkəzdə ümumi uzunluğu 1600, eni isə 30 metr olan dağ-xizək enişi, kanat yolu, süni qaryaratma sistemləri mövcuddur. Proqram mediatur iştirakçılarının Şahbuz rayonunun Batabat bölgəsinə səfəri ilə davam edib. Səfər zamanı iştirakçılar bölgədəki nişanlanmış haykinq marşrutları, təbiət abidələri və turizm infrastrukturu ilə tanış olublar. Daha sonra “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi və “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, Nuh Peyğəmbərin məzarüstü türbəsi və Qafqazın ən böyük məscidlərindən biri hesab olunan Heydər məscidi də ziyarət edilib. Sonda jurnalistlər Naxçıvan şəhəri yaxınlığındakı “Duzdağ” Fizioterapiya Mərkəzinin fəaliyyəti və turizm potensialı ilə də tanış olublar.
