Sabirabad Sənaye Məhəlləsinə təşkil olunan mediatur
Sabirabad Sənaye Məhəlləsində yeni fəaliyyətə başlayan istehsal müəssisələrinin fəaliyyəti ilə tanışlıq məqsədilə əraziyə mediatur təşkil olunub. Prezidentin izi ilə təşkil olunan ənənəvi mediatur çərçivəsində jurnalistlər “Azera Toxumçuluq” MMC-nin toxum istehsalı müəssisəsinin, “Humix” MMC-nin aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin, “Fırtına Su Sistemləri” MMC-nin və "Taşobası" MMC-nin pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olublar. Media nümayəndələri bu müəssisələrin iqtisadi göstəriciləri barədə məlumatlandırılıb. Qeyd olunub ki, ölkədə sənaye məhəllələrinin yaradılması Azərbaycan Respublikası Prezidentinin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü ildə imzaladığı Fərmanla müəyyən edilib. Sənaye məhəlləsinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır.
