Kateqoriyalar
Sırala
ID 0135895

“Böyük Qayıdış” Proqramı çərçivəsində Füzulidə görülən bərpa-quruculuq işləri

Azərbaycanın azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma prosesi uğurla davam etdirilir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur bölgələrində yeni yaşayış məntəqələrinin salınması, sosial infrastrukturun qurulması və sakinlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə həyata keçirilir. Dağıdılmış yurd-yuvaların fonunda yeni-yeni inşa edilən, yenidən qurulan şəhərlərdən biri də Füzulidir. Füzulidə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq inşa edilən Mirzə Uluqbəy adına Füzuli şəhəri 1 nömrəli tam orta məktəbi 960 şagirdlik tutuma malikdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana və kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Məktəbin direktoru Həcər Mahmudova burada 644 şagirdin təhsil aldığını, 49 nəfərlik pedaqoji-inzibati heyətin fəaliyyət göstərdiyini bildirib. Məktəbin yaxınlığında inşa edilmiş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi isə qardaş qazax xalqının Azərbaycana hədiyyəsidir. Təməli 2023-cü ilin martında qoyulan mərkəz 1,5 hektar ərazidə yaradılıb. Obyektin tikinti sahəsi 2700 kvadratmetrdir. İkimərtəbəli binada 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb. “Böyük Qayıdış” Proqramı çərçivəsində Füzuliyə qayıdan Ağammədovlar ailəsi keşməkeşli günləri arxada qoyduqlarını, yenilənən və dirçələn Füzulidə özlərini xoşbəxt hiss etdiklərini bildirib. Ailə başçısı Nadir Ağammədov vəfat edən ata-anasını xatırlayaraq, həmişə qayıdacaqlarına inandıqlarını qeyd edib. 20 yaşında kəndlərindən didərgin düşdüklərini bildirən Nadir Ağammədov keçən zaman ərzində ailə kimi bir çox çətinlikləri geridə qoyduqlarını ifadə edib. Elnurə Ağəmmədova isə Mirzə Uluqbəy adına Füzuli şəhəri 1 nömrəli tam orta məktəbində ibtidai sinif müəllimidir. 27 illik peşə fəaliyyətinin iki ilini doğma yurdunda həyata keçirdiyini deyən Elnurə müəllimə Füzulidən çıxanda səkkizinci sinif şagirdi idisə, indi burada pedaqoq kimi çalışır. 

Digər fotolar
arrow-up