Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2020-ci ildə 10 nömrəli Bakı Peşə Məktəbi, 1, 12 və 17 nömrəli Bakı Peşə Liseyi ilə birləşdirilərək onların bazasında yaradılıb. Mərkəz qısa müddət ərzində üç minə yaxın tələbə və üç yüzdən çox pedaqoji heyəti ilə respublikanın ən böyük Peşə Təhsil Mərkəzlərindən birinə çevrilib. Hazırda müəssisədə 32 ixtisas üzrə 167 qrup fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi əmək bazarının tələblərinə uyğun, yüksək ixtisaslı və peşəkar kadrların hazırlanmasıdır. Tədris prosesi nəzəri biliklərlə yanaşı, istehsalat təlim və təcrübəsi əsasında təşkil olunur. Məzunlar qida sənayesi, neft-qaz sənayesi, kimya sənayesi, mebel və ağac emalı, logistika şirkətləri, maliyyə və mühasibatlıq sahəsi, informasiya texnologiyaları və xidmət sektorunda fəaliyyət göstərirlər. Mərkəzdə sənaye yönümlü ixtisaslarla yanaşı, tətbiqi sənət sahələri də tədris olunur. Bu istiqamətlərdən biri olan ağac nəqqaşlığı ixtisası üzrə tələbələr ağac üzərində naxış və ornamentlərin işlənməsi, dekorativ elementlərin hazırlanması və ənənəvi oyma texnikalarının tətbiqi ilə bağlı bilik və bacarıqlar qazanırlar.
