Kateqoriyalar
Sırala
ID 0143276

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə mediatur təşkil edilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyə mediatur təşkil edilib. Əvvəlcə mediatur iştirakçıları Hərbi Liseyin ərazisində yerləşən Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək Ümummilli Liderin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Hərbi Liseydə fəaliyyət göstərən Heydər Əliyevin adını daşıyan muzey ziyarət olunub, burada dahi rəhbərə həsr olunmuş ekspozisiyalar barədə, həmçinin, muzeyin yaranma tarixi, fəaliyyəti barədə media nümayəndələrinə məlumat verilib. Mediatur çərçivəsində qonaqlara Hərbi Lisey haqqında geniş brifinq təqdim olunub. Bildirilib ki, MMU-nun tabeliyində fəaliyyət göstərən C.Naxçıvanski adına Hərbi Lisey Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1971-ci ildə, Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılıb. Azərbaycan Ordusunda xidmət edən savadlı və bacarıqlı zabitlərin yetişdirilməsində Hərbi Liseyin müstəsna rolu olduğu diqqətə çatdırılıb. Bu gün ordumuzun peşəkar kadrlarla təmin olunmasında məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin dayandığı xüsusi vurğulanıb. Mediatur iştirakçılarına məlumat verilib ki, Cəmşid Naxçıvanski adına Hərbi Lisey hərbiləşdirilmiş tam orta təhsil müəssisəsidir. Bura 15 yaşı tamam olmuş və 17 yaşına çatmamış 9-cu sinfi bitirmiş şagirdlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanlarını verməklə qəbul olunurlar. Liseydə təhsil müddəti 2 ildir. Təhsil müddətində kursantlara əsasən 13 fənn tədris edilir. Liseydə kursantlar ümumtəhsil fənlərini öyrənməklə yanaşı, hərbi və fiziki hazırlıq üzrə məşğələlərdə də qabiliyyətlərini inkişaf etdirirlər. Bu günə qədər C.Naxçıvanski adına Hərbi Liseyi 14 mindən çox gənc bitirib, məzunlardan 20 nəfərdən çox zabit "general" ali rütbəsinə yüksəlib. Vətən müharibəsində hərbi liseydə xidmət edən hərbi qulluqçular döyüş əməliyyatlarında iştirak ediblər, onlardan 1 nəfər zabit şəhidlik zirvəsinə yüksəlib, 3 nəfər hərbi qulluqçu yaralanıb, 40-dan çoxu isə orden və medallarla təltif olunub. Qürur hissi ilə bildirilib ki, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş şəxslərdən 11 nəfəri məhz bu təhsil ocağının məzunudur, 1 nəfər isə hərbi liseydə xidmət edən zabitdir. Eləcə də, Hərbi Liseyin məzunlarından 19 nəfər "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. Vətən müharibəsində göstərdiyi igidlik və şücaətlərə görə Hərbi liseyin 100 nəfərdən çox məzun orden və medallarla təltif olunub. Daha sonra mediatur iştirakçıları tədris korpusu, kursant yataqxanası, yeməkxana, idman kompleksi, tibb məntəqəsi və digər inzibati binalarda olub, burada kursantlar üçün yaradılmış şəraitlə tanış olublar.

Digər fotolar
arrow-up