Kateqoriyalar
Sırala
ID 0143585

"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

"Global Media Group" 13 may 2026-cı il tarixində BMT-nin Qlobal Sazişi (UN Global Compact), BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və BMT-nin Azərbaycandakı ofisi ilə birgə "Global Media Group"a daxil olan media şirkətlərinin əməkdaşları üçün "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda təqdimat və müzakirə sessiyası təşkil edib. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ərəfəsində təşkil olunan tədbir media nümayəndələrinə dayanıqlı və yaşıl yaşayış mühiti, tikinti sektoru və şəhərsalma ilə bağlı anlayışlar, terminologiya və prioritetlər haqqında dərin biliklər qazandırmağı hədəfləyib. Sessiyada BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Ofisinin rəhbəri xanım Kanako Mabuçi tədbirin əhəmiyyətindən, medianın şəhərsalma davamlılığı ilə bağlı ictimai anlayışın formalaşmasındakı rolundan danışıb. BMT-nin Məskunlaşma Proqramının Azərbaycandakı Ölkə Proqramının rəhbəri xanım Anna Soave "dayanıqlı yaşayış mühiti" anlayışının mahiyyəti, "yaşıl", "enerji səmərəliliyi" və "dayanıqlı tikinti" terminləri arasındakı fərqlər barədə təqdimat edib. Həmin qurumun regionlararası məsləhətçisi xanım Katya Şefer isə enerji səmərəliliyi, şəhər dayanıqlılığı, ağıllı şəhərlər və "greenwashing” (yaşıl yuyulma) risklərinə həsr olunmuş mövzularında çıxış edib. BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə ölkə nümayəndəsi Samir Məmmədov Azərbaycanın Tikilmiş Mühit Proqramı və Dekarbonlaşdırma Öhdəliyi barədə məlumat verərək, biznesin dayanıqlılığa investisiya qoymasının səbəblərini və dayanıqlı tikintinin rəqabətqabiliyyətlilik amili kimi əhəmiyyətini açıqlayıb. Tədbirin yekununda "Global Media Group"un Marketinq və Kommunikasiya Departamentinin rəhbəri xanım Laura Seyidbəyova qeyd edib ki, dayanıqlı inkişaf mövzularının medianın gündəliyində layiqli yer tutması cəmiyyətdə düzgün anlayışın formalaşması üçün əsas şərtdir. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ərəfəsində bu cür təşəbbüslər xüsusi əhəmiyyət daşıyır və jurnalistlərə qlobal dayanıqlılıq və urbanizasiya gündəliyini Azərbaycan kontekstində düzgün təqdim etmək imkanı verir. Laura Seyidbəyova, həmçinin, media və dayanıqlılıq sahəsindəki maraqlı tərəflər arasında davamlı əməkdaşlıq imkanlarını qiymətləndirib. Qeyd edək ki, "Global Media Group" 2024-cü il oktyabrın 9-da BMT-nin Qlobal Sazişi ilə Anlaşma Memorandumu imzalayıb. Sənədə əsasən tərəflər dayanıqlı biznes təcrübələrinin və BMT-nin Qlobal Sazişinin 10 prinsipinin cəmiyyətdə təbliği istiqamətində birgə tədbirlər həyata keçirir. Media sektorunun dayanıqlı inkişafı "Global Media Group"un Korporativ Sosial Məsuliyyət çərçivəsində prioritet istiqamətlərdən biri kimi müəyyən edilib və bu sahədə sistemli proqramlar ardıcıl şəkildə icra olunur. 

“Global Media Group” haqqında:

“Global Media Group” 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.

“Global Media Group” haqqında daha ətraflı məlumat əldə etmək üçün www.gmg.az veb-saytına və şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | LinkedIn | YouTube) müraciət edə bilərsiniz.

BMT-in Qlobal Sazişi haqqında:

BMT-nin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş Qlobal Saziş 160-dan çox ölkədə 15 mindən artıq biznes və 3800 qeyri-biznes tərəfdaşlarını bir araya gətirən korporativ dayanıqlılıq təşəbbüsüdür.

Qlobal Saziş haqqında daha ətraflı məlumat əldə etmək üçün https://unglobalcompact.org saytına keçid edə bilərsiniz.

Digər fotolar
icon
arrow-up