Kateqoriyalar
Sırala
ID 0147441

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təlim və tədris prosesi

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Lisey Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı internat məktəbinin bazasında yaradılıb. 24 noyabr 1997-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təhsil müəssisəsinə Cəmşid Naxçıvanski adına Hərbi Lisey adı verilib. Cəmşid Naxçıvanski adına Hərbi Lisey hərbiləşdirilmiş tam orta təhsil müəssisəsidir. Liseyə qəbul cari ildə 15 yaşı tamam olan və 17 yaşı tamam olmayan, ümumi orta təhsil səviyyəsini bitirmiş Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən IX sinif üzrə keçirilən buraxılış imtahanlarının nəticələrinə əsasən həyata keçirilir. Hərbi Liseyi bitirən məzunlar XI sinif buraxılış imtahanı nəticələrinə əsasən Hərbi İnstituta qəbul olmaq imkanı qazanırlar. Liseydə təhsil müddəti 2 ildir. Bu müddət ərzində kursantlara Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına uyğun olaraq 12 fənn tədris edilir. Kursantlar ümumtəhsil fənlərini mənimsəməklə yanaşı, hərbi hazırlıq və fiziki hazırlıq üzrə keçirilən məşğələlərdə iştirak edərək peşəkar bilik və bacarıqlarını inkişaf etdirirlər. Müstəqillik dövründə liseyin məzunları Azərbaycan Ordusunun formalaşmasında və ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda aparılan mübarizədə ön sıralarda yer alıblar. Liseyin məzunlarından 100 nəfərdən çoxu göstərdikləri igidliyə görə orden və medallarla təltif olunub, 11 nəfər Azərbaycanın Milli Qəhrəmanı, 19 nəfər isə Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülüb. Cəmşid Naxçıvanski adına Hərbi Lisey Azərbaycan Ordusu üçün peşəkar, vətənpərvər və yüksək intizamlı zabit kadrlarının hazırlanmasında mühüm rol oynamaqda davam edir.

Digər fotolar
arrow-up