Kateqoriyalar
Sırala
ID 0149059

18 Avqust – dövlət sərhədinin keşiyində dayananların peşə bayramı

Azərbaycanda hər il avqustun 18-də Dövlət Sərhəd Xidmətinin əməkdaşları öz peşə bayramlarını - Sərhədçilər Gününü qeyd edirlər. Bu tarix dövlət sərhədinin qorunması ənənəsini və bu şərəfli xidmətin daşıyıcılarının fədakarlığını əks etdirir. Azərbaycanın milli sərhəd mühafizəsi ənənəsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. 1919-cu il avqustun 18-də parlament “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanun qəbul edib. Həmin dövrdə İranla sərhəddə mühafizə dəstələrinin yaradılması, eləcə də Xəzərdə sərhəd təhlükəsizliyinin təmin olunması istiqamətində addımlar atılıb. Müstəqilliyin bərpasından sonra isə ölkənin sərhəd mühafizəsi sistemi ciddi çətinliklərlə üzləşib. Sərhəd infrastrukturu və maddi-texniki baza zəif idi, kadr çatışmazlığı mövcud idi. Ermənistanın işğalı və digər təhlükələr vəziyyəti daha da mürəkkəbləşdirirdi. Belə bir şəraitdə Heydər Əliyevin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıtması dövlət sərhədinin mühafizəsində yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndər sərhəd təhlükəsizliyini yalnız hərbi məsələ deyil, dövlət müstəqilliyinin və suverenliyinin əsas təminatlarından biri kimi qiymətləndirirdi. Heydər Əliyevin sərhəd mühafizəsinə diqqəti hələ sovet dövründən başlamışdı. 1960-cı illərdə Azərbaycana rəhbərlik etdiyi zaman sərhəd qoşunlarında milli kadrların yetişdirilməsinə və azərbaycanlı zabitlərin yüksək vəzifələrə irəli çəkilməsinə xüsusi diqqət göstərirdi. Bu siyasət sonrakı illərdə milli sərhəd mühafizəsi sisteminin qurulması üçün mühüm kadr bazasının formalaşmasına imkan verdi. 1993-cü ildən sonra Heydər Əliyevin rəhbərliyi ilə sərhəd qoşunlarının təşkilati və maddi-texniki baxımdan gücləndirilməsi istiqamətində geniş işlər görüldü. 1995-1997-ci illərdə yeni sərhəd dəstələri və komendantlıqlar yaradıldı, sərhəd infrastrukturu inkişaf etdirildi, xidmətin texniki imkanları genişləndirildi. Dəniz sərhədlərinin mühafizəsi və sərhəd aviasiyasının inkişafı da diqqət mərkəzində saxlanıldı. Ulu Öndər sərhədçilərlə görüşlərində onların üzərinə düşən məsuliyyəti xüsusi vurğulayırdı. O, dövlət sərhədini Azərbaycanın müstəqilliyini və suverenliyini nümayiş etdirən əsas amillərdən biri hesab edir, sərhəd xidmətini dövlət və xalq qarşısında şərəfli vəzifə kimi qiymətləndirirdi. Heydər Əliyevin sərhəd mühafizəsinə verdiyi əhəmiyyət 16 iyul 1997-ci il tarixli sərəncamında da öz əksini tapdı. Həmin sərəncamla avqustun 18-i Sərhədçilər Günü kimi təsis edildi. Beləliklə, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə başlanmış tarixi ənənə müstəqil Azərbaycanın yeni dövlətçilik mərhələsində davam etdirildi. Heydər Əliyevin sərhəd siyasətinin mühüm nəticələrindən biri də müasir Dövlət Sərhəd Xidmətinin yaradılması üçün institusional əsasların formalaşdırılması oldu. 31 iyul 2002-ci ildə onun imzaladığı fərmanla Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti yaradıldı. Bununla Azərbaycanın milli sərhəd mühafizəsi sistemi yeni təşkilati mərhələyə keçdi. Bu siyasət sərhədçi peşəsinin nüfuzunun artırılmasına, şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılmasına və müasir tələblərə uyğun hazırlanmasına da yönəldi. Ulu Öndərin sərhədçilərlə görüşləri və bu sahəyə göstərdiyi davamlı diqqət onun dövlət sərhədinin mühafizəsinə verdiyi əhəmiyyətin göstəricisi idi. Bu gün Azərbaycan sərhədçiləri ölkənin quru və dəniz sərhədlərinin mühafizəsini həyata keçirir, dövlət sərhədinin toxunulmazlığının təmin olunmasında mühüm rol oynayırlar. İşğaldan azad edilmiş ərazilərdə sərhədin bərpası, yeni sərhəd zastavalarının və infrastrukturun yaradılması isə bu xidmət qarşısında yeni vəzifələr müəyyənləşdirir. 18 Avqust – Sərhədçilər Günü yalnız peşə bayramı deyil, həm də Azərbaycanın milli sərhəd mühafizəsinin keçdiyi tarixi yolu xatırladan əlamətdar gündür. Bu tarix Azərbaycan Xalq Cümhuriyyətinin qoyduğu təməli, Heydər Əliyevin formalaşdırdığı milli sərhəd siyasətini və bu gün Vətənin sərhədlərini qoruyan sərhədçilərin fədakarlığını bir araya gətirir. Sərhəd dövlətin suverenliyinin və müstəqilliyinin başladığı yerdir. Həmin xəttin keşiyində dayanan sərhədçi isə dövlətin ən mühüm dayaqlarından birini qoruyur. Məhz buna görə 18 Avqust Azərbaycan üçün tarix, dövlətçilik və Vətənə xidmət anlayışlarını birləşdirən xüsusi gündür.

Digər fotolar
arrow-up