Kateqoriyalar
Sırala
ID 0150335

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Lənkəran şəhərinə təşkil olunan mediatur

Sentyabrın 9-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yerli media nümayəndələri üçün Lənkəran şəhərinə mediatur təşkil olunub. Mediaturun məqsədi Lənkəranın tarixi, mədəni və təbii turizm potensialını, yerli turizm məhsullarını və qonaqpərvərlik ənənələrini media vasitəsilə daha geniş auditoriyaya tanıtmaq olub. Səfər çərçivəsində bölgənin turistlər üçün maraq doğuran məkanları və turizm imkanları təqdim edilib. Media nümayəndələri Mir Əhməd xanın tarixi evində yerləşən Lənkəran Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edərək şəhərin tarixi və mədəni irsi ilə bağlı məlumat əldə ediblər. Muzeydə Lənkəranın müxtəlif dövrlərinə aid tarixi və etnoqrafik nümunələr təqdim olunub. Səfərin növbəti istiqamətləri Hirkan Milli Parkı və Xanbulan gölü olub. İştirakçılara Lənkəranın zəngin təbiəti, meşə ekosistemi və ekoturizm imkanları barədə məlumat verilib. Mediatur proqramına bölgənin ənənəvi təsərrüfat sahələrindən olan çayçılıq da daxil edilib. Media nümayəndələri çay istehsalı prosesi ilə tanış olub, yerli çayçılığın xüsusiyyətləri barədə məlumat alıblar. Arıçılıq Muzeyində isə arıçılığın bölgədəki ənənələri və apiterapiyanın tətbiqi imkanları təqdim edilib. Mediatur zamanı Lənkəranın turizm potensialı, bölgədə turizmin inkişafı və təqdim olunan turizm məhsulları ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Digər fotolar
arrow-up