Kateqoriyalar
Sırala
ID 0152156

Ağdərənin Vəngli kəndində yerləşən Gəncəsər monastırı

Ağdərə rayonunun Vəngli kəndində, Xaçın çayının sol sahilində yerləşən Gəncəsər monastırı Qafqaz Albaniyasının xristian memarlığının görkəmli nümunələrindən biridir. Orta əsrlərdə bölgənin dini, siyasi və mədəni həyatında mühüm rol oynayan kompleks öz memarlıq quruluşu, daş üzərindəki naxışları və tarixi kitabələri ilə seçilir. Monastırın tikintisinə 1216-cı ildə Xaçın knyazı Həsən Cəlal Dövlənin hakimiyyəti dövründə başlanılıb və 1238-ci ildə başa çatdırılıb. 1240-cı ildə Alban katolikosu Nersesin iştirakı ilə məbədin təqdis mərasimi keçirilib. Gəncəsər monastırı Xaçın hakim sülaləsinin ailə məzarlığı kimi də tanınıb. Burada Həsən Cəlal Dövlə, onun ailə üzvləri və Alban katolikosları dəfn ediliblər. Bu xüsusiyyət abidənin yalnız dini ibadət məkanı deyil, həm də orta əsrlərdə bölgənin siyasi və mənəvi elitası üçün mühüm əhəmiyyət daşıyan kompleks olduğunu göstərir. 1511-ci ildən 1836-cı ilədək Gəncəsər alban katolikoslarının əsas iqamətgahı kimi fəaliyyət göstərib və bölgənin mühüm dini mərkəzlərindən birinə çevrilib. Monastırın əhəmiyyəti onun dini funksiyası ilə məhdudlaşmayıb. Tarixi mənbələrdə müxtəlif dövrlərdə müsəlmanların və xristianların bu məkanı ziyarət etməsi, burada yerli adət-ənənələrin yaşadılması ilə bağlı məlumatlara rast gəlinir. Kompleksin memarlığında daş üzərində işlənmiş ornamental təsvirlər, dini simvollar və kitabələr orta əsr sənətkarlığının inkişaf səviyyəsini əks etdirir. 1836-cı ildə Rusiya Sinodunun qərarı ilə Alban kilsəsinin ləğv edilməsindən sonra monastır əvvəlki dini mövqeyini itirib. Sonrakı dövrlərdə abidənin tarixi, kitabələri və memarlıq xüsusiyyətləri tədqiqatçıların diqqətini cəlb edib. Gəncəsər monastırı bu gün də Azərbaycanın orta əsrlər tarixi və dini memarlıq irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyan abidələrdən biri hesab olunur.

Digər fotolar
arrow-up