#ağdam çörək muzeyi
Ağdam Çörək Muzeyi
Ağdam Çörək Muzeyi 1983-cü il noyabrın 25-də ilk ziyarətçilərini qəbul edərək fəaliyyətə başlamışdır. Bu unikal mədəniyyət ocağı dünyada ikinci, keçmiş MDB məkanında isə birinci və yeganə çörək muzeyi idi. Muzeyin yaradılması ideyası 1982-ci ildə rayon partiya komitəsinin birinci katibi olmuş Sadıq Murtuzayevə məxsusdur.
Muzey XIX əsrin sonlarında tikilmiş tarixi dəyirman binasında yerləşirdi. Fəaliyyəti dövründə kolleksiyasında 1500-dən 2800-ə qədər eksponat toplamışdı. Ekspozisiyaya qədim daşlaşmış taxıl nümunələri, nadir dənli bitki növləri, taxılçılığın inkişafına dair qiymətli kitablar və əlyazmalar daxil idi. Xüsusi maraq doğuran eksponatlar arasında qədim əkinçilik alətləri: xış, oraq, taxıl döyən vərdənə, II əsrə aid əl dəyirmanı ("kirkirə") və İkinci Dünya müharibəsi zamanı Leninqrad blokadasından qalan 125 qramlıq çörək tikəsi var idi. Muzeyin tərkib hissəsi kimi dəyirman 1987-ci ildə tam işlək vəziyyətə gətirilmişdi.
Təəssüflər olsun ki, Ağdam Çörək Muzeyinin ömrü qısa oldu. 1992-ci il avqust ayının 12-də Ermənistan silahlı qüvvələrinin Əsgəran istiqamətindən atdığı artilleriya mərmisi dəyirmana isabət etmiş və muzeyin fəaliyyətinə son qoymuşdur. Nəticədə bina ciddi zədələnmiş və qiymətli eksponatlar, o cümlədən 1500-dək nadir nümunə yanaraq məhv olmuşdur. Bu hadisə Azərbaycanın mədəni irsinə qarşı törədilmiş vəhşiliklərdən biri olaraq tarixə düşmüşdür. Ağdamın işğaldan azad edilməsindən sonra muzeyin bərpası məsələsi diqqət mərkəzindədir.