Kateqoriyalar
Sırala

#quba

Quba

Azərbaycanın şimal-şərqində, Böyük Qafqazın ətəklərində yerləşən Quba rayonu zəngin tarixi, füsunkar təbiəti və unikal mədəni irsi ilə ölkənin əsas turizm mərkəzlərindən biridir. Rayon ərazisi relyef baxımından dağlıq sahələrdən və ovalığının bir hissəsindən ibarətdir. İqlim mülayim isti, yüksək dağlıqda isə soyuq və rütubətlidir, bu da Qubanı ilin bütün fəsillərində cəlbedici edir. Ərazidən Qudyalçay, Qaraçay və Vəlvələçay kimi çaylar axır. Qubanın tarixi ilk orta əsrlərə gedib çıxır. XIV əsrdə təməli qoyulan Quba şəhəri XVIII əsrin ortalarında Quba xanlığının mərkəzi olmuş, Fətəli xanın dövründə böyük siyasi mövqeyə sahiblənmişdir. Qədim memarlıq abidələri – Tağlı körpü (XIX əsr), Səkinəxanım məscidi, Cümə məscidi, habelə Ağbil türbələri (XVI əsr) onun çoxəsrlik tarixindən xəbər verir. Quba eyni zamanda, Azərbaycanın məşhur xalçaçılıq mərkəzidir. Quba xalçaçılıq məktəbinin nümunələri öz naxışları və rəng qamması ilə fərqlənir. Rayonun ən məşhur görməli yerləri arasında Avropanın ən yüksək dağ kəndlərindən biri sayılan və unikal dili qoruyub saxlayan Xınalıq, dünyada İsraildən kənarda yeganə Dağ Yəhudiləri yaşayış məskəni olan Qırmızı Qəsəbə, heyranedici Qəçrəş meşəsi və Afurca şəlaləsi xüsusi yer tutur. Quba Soyqırımı Memorial Kompleksi isə 1918-ci il faciəsinin xatirəsini yaşadan mühüm tarixi məntəqədir. Təmiz dağ havası, mineral bulaqlar və zəngin biomüxtəliflik Qubanı eko-turizm və mədəni səyahətlər üçün ideal məkana çevirir.
arrow-up