Quba rayonundakı dini ibadətgahlara təşkil edilən mediatur
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Quba rayonunda yerləşən dini ibadətgahlara mediatur təşkil olunub. Mediatur çərçivəsində Quba şəhərində yerləşən "Cümə" məscidi ziyarət olunub. Zəngin memarlıq üslubuna malik olan məscid 1802-ci ildə inşa olunub. Daha sonra qonaqlar "Səkinəxanım" məscidində olublar. Tikili mütəfəkkir Abbasqulu ağa Bakıxanovun vəfatından sonra onun həyat yoldaşı Səkinə xanımın vəsaiti ilə inşa olunmağa başlanıb. Məscid Səkinə xanımın vəfatından sonra, 1854-cü ildə tamamlanıb. Mediatur zamanı Quba rayonu, Qırmızı Qəsəbədə yerləşən “Altı günbəz” sinaqoqu ziyarət edilib. Məlumat verilib ki, sinaqoq 1888-ci ildə memar Gilel ben Xaim tərəfindən inşa olunub. Son olaraq qonaqlar Qırmızı Qəsəbədə yerləşən “Dağ Yəhudiləri Muzeyi”nə baş çəkiblər. 2020-ci ildə açılan muzeydə Qafqazın müxtəlif yerlərindən gətirilmiş milli geyimlər, zərgərlik, ayin qabları, əlyazmalar, kitablar, XIX əsr antik əşyalar, dağ icmasının irsi və ənənələri qorunub saxlanılır.
