Kateqoriyalar
Sırala

#zəfər parkı

Zəfər parkı

Zəfər Parkı Azərbaycanın paytaxtı Bakı şəhərinin Xətai rayonunda, 8 Noyabr prospekti istiqamətində yerləşən, İkinci Qarabağ Müharibəsində (Vətən müharibəsi) qazanılan tarixi Qələbəyə həsr olunmuş nəhəng bir memorial kompleksdir. Prezident İlham Əliyevin Sərəncamına əsasən yaradılan parkın açılışı 2024-cü il noyabrın 8-də — Zəfər Günündə baş tutmuşdur. Parkın ərazisi 9-10 hektara yaxındır. Kompleksin əsas memarlıq elementi olan Zəfər Tağı xüsusi rəmzi məna daşıyır. Onun hündürlüyü 44 metr, eni isə 22 metrdir, eyni zamanda 44 sütunu var ki, bu da 44 günlük müharibənin rəmzidir. Tağ Qələbəyə aparan simvolik yolun başlanğıcı kimi qəbul edilir. Parkın ərazisində Vətən Müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Zəfər Muzeyi də inşa edilmişdir. Muzeyin əsas girişində "Dəmir Yumruq" simvolu yer alıb ki, bu da Lider, Xalq, Dövlət və Ordunun sarsılmaz birliyini təcəssüm etdirir. Yaşıllıq sahələri Qarabağ xalçalarındakı naxış elementlərini əks etdirir. Parkın sonunda isə Azadlıq Bayrağı Meydanı yerləşir. Zəfər Parkı Azərbaycan xalqının mübarizliyini, qəhrəmanlığını və ərazi bütövlüyünün bərpasını simvolizə edən unikal bir abidədir.
arrow-up