İçərişəhərdə yerləşən XV əsrə aid Şirvanşahlar sarayı
Şirvanşahlar saray kompleksinin aşağı həyətində hamam var. Onun yerləşməsi saraya aid ərazinin müəyyən edilməsini çətinləşdirir. Ehtimal edilir ki, hamam XV əsrdə inşa edilib və saraya aiddir. Torpaqdan təmizlənmiş hamamın daxili planlaşdırılması divar tikililərinin aşağı sırasının saxlanmasına görə bərpa edilə bilib. Hamam yer səviyyəsindən dərinlikdə yerləşir. Çöldən yalnız giriş portalı və böyük zalların günbəzləri görünür. Günbəzlərin təpə hissəsi otaqların havasını təmizləmə üçün istifadə edilən deşikli fənərciklərlə tamamlanır. Hamam tikililərinə dəhliz, geyinib-soyunma otağı, mərkəzi otaq, yuyunma və buğxana otaqları, isti və soyuq su hovuzları daxildir. Hamamın isidilməsi üçün istifadə edilən hava kanalları döşəmənin altında yerləşib və qızdırıcı kameraya birləşib.
