İsmayıllı rayonu ərazisində yerləşən Qaranohur gölü
Qaranohur gölü bütün fəsillərdə öz gözəlliyi ilə seçilən əsrarəngiz bir dağ gölüdür. Şahdağ Milli Parkının İsmayıllı bölməsində yerləşən, sıx meşəliklə əhatə olunmuş bu təbiət möcüzəsi dəniz səviyyəsindən 1520 m yüksəklikdə yerləşir. Göl Böyük Qafqaz dağlarından axan Qaranohur çayının hövzəsinə daxildir. Sahildən uzaqlaşdıqca gölün orta hissəsində şəffaflıq maksimuma çatır. Yüksək minerallaşmasına görə suyundan kənd təsərrüfatında istifadə etmək mümkün olmadığından, ətraf ərazidə yaşayan insanların ona "Qara" adını verdiyi ehtimal olunur. Qaranohur gölü yüksək ərazidə yerləşdiyi üçün bura fəsillər daha erkən gəlir. Məsələn, burada payız olanda, şəhərdə hələ də yay ola bilər. 2006-cı ilə qədər yalnız yerli əhalinin tanıdığı Qaranohur gölü “Şahdağ” Milli Parkının tərkibinə verildikdən sonra daha çox tanınmağa başladı. Xüsusilə son dövrlər məşhurlaşan bu füsunkar göl və onun yerləşdiyi ərazi hazırda ölkənin əsas turizm məkanlarından biridir.
