Cəbrayılın Horovlu kəndinə təşkil olunan mediatur
Prezidentin izi ilə təşkil olunan ənənəvi mediatur çərçivəsində Cəbrayılın Horovlu kəndinə səfər edilib. Mediaturda qeyd edilib ki, oktyabrın 28-də Prezident İlham Əliyevin iştirakı ilə kəndin açılış mərasimi olub və sakinlərə evlərin açarları təqdim edilib. Ümumi sahəsi 248 ha olan Horovlu kəndində 334 fərdi yaşayış evi inşa olunub. Evlər tam müasir kommunikasiya şəbəkəsi – su, işıq, qaz, günəş panelləri, yüksək sürətli internet şəbəkəsi və yollarla təmin edilib. I mərhələdə 94 hektar ərazidə 334 fərdi yaşayış evinin, 624 şagird yerlik məktəb binasının, 220 yerlik bağçanın, 2 mərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektləri və idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirilib. Bununla yanaşı, Prezident İlham Əliyev oktyabrın 28-də Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin də təməlini qoyub. İkinci yaşayış kompleksinin 5,28 hektar ərazidə salınacağı və layihə çərçivəsində 5 və 6 mərtəbəli 23 binanın inşa ediləcəyi qeyd olunub. Üçüncü yaşayış kompleksinin ümumi sahəsi isə 5 hektardan çox olacaq. Burada da 5, 6 və 7 mərtəbəli 25 binanın tikintisi planlaşdırılır.
