Kateqoriyalar
Sırala
ID 0142793

Diplomatik korpusun nümayəndələrinin Şuşa şəhərinə səfəri

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşada inşa edilən Yeni Şuşa məscidini ziyarət ediblər. Nümayəndə heyəti şəhərin sərvətinə çevrilməli olan yeni obyektin inşasının gedişatı ilə tanış olub. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov xarici nümayəndələrə Yeni Şuşa məscidi layihəsi barədə məlumat verib. Qeyd olunub ki, məscidin təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Məscidin forması 8 rəqəmini, yəni Şuşanın işğaldan azad olunduğu günü - Zəfər Gününü, iki minarəsi isə 11 rəqəmini – şəhərin işğaldan azad edildiyi 11-ci ayı simvolizə edəcək. Minarələrin hündürlüyü 72 metr olacaq. Daha sonra qonaqlar Milli Xalça Muzeyinin Şuşa filialını ziyarət ediblər. Diplomatlar Azərbaycan xalçaçılığının tarixi və muzeydəki eksponatlarla tanış olublar. Qeyd olunub ki, Milli Xalça Muzeyinin Şuşa filialının XIX əsrin ikinci yarısında tikilmiş binası şəhərin Yuxarı məhəlləsində yerləşir. İşğal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən burada 2021-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılmışdı. Diplomatik korpus nümayəndələri daha sonra Şuşada Qazançı kilsəsinə baş çəkiblər. Diplomatlar tarixi abidə, eləcə də Azərbaycanın çoxkonfessiyalı irsin qorunması üzrə səyləri ilə tanış olublar. Qonaqlar Şuşa şəhərində yerləşən Müalicə-Sağlamlıq Mərkəzini də ziyarət ediblər. Xarici diplomatlar Azərbaycan hökumətinin işğaldan azad edilmiş bölgəyə qayıdan əhali üçün tibbi xidmətinin yaxşılaşdırılmasına yönəlmiş səylərinə heyran qalıblar.

Digər fotolar
arrow-up