"Bakı Metropoliteni" QSC-nin "Dərnəgül" elektrik deposuna təşkil edilən media-tur
“Bakı Metropoliteni” QSC-nin “Dərnəgül” elektrik deposunda II mərhələ üzrə işlər başa çatdırılıb və ilk xəttə qatarın qəbulu prosesinə başlanılıb. İlk qatar sərnişinləri “Dərnəgül” stansiyasında düşürdükdən sonra depoya istiqamətləndirilib. Layihə Bakı Metropoliteninin fəaliyyətinin təkmilləşdirilməsi və qatarların texniki xidmət imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, metronun “yaşıl” xəttinin “Dərnəgül” deposunun ərazisində inşa edilən yeni yerüstü stansiyasında tikinti işləri davam etdirilir. Hazırda platformanın tikintisinin yekunlaşdırılması istiqamətində işlər aparılır. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, platformanın tikintisi başa çatdıqdan sonra stansiyada digər işlərə başlanılacaq. Yeni stansiyanın 2028-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Yeni stansiya Bakı metrosunun üçüncü yerüstü stansiyası olacaq. Hazırda paytaxtda “Bakmil” və “Xocəsən” yerüstü metro stansiyaları fəaliyyət göstərir.
