Kateqoriyalar
Sırala
ID 0153800

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

Hər bir xalqın azadlığını, suverenliyini və milli kimliyini təcəssüm etdirən müqəddəs atributları vardır. Azərbaycan xalqının qürur mənbəyi, azadlıq və müstəqillik simvolu olan üçrəngli bayrağımız da məhz belə uca dəyərlərdəndir. Ölkəmizdə hər il 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi böyük qürur və coşqu ilə qeyd olunur. Tariximizin səhifələrinə nəzər salsaq, ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası tərəfindən qəbul edilən yaşıl, qırmızı və mavi rənglərdən ibarət səkkizguşəli ulduzlu və aypara təsvirli bayrağımız xalqımızın istiqlal mübarizəsinin əsas nişanəsinə çevrildi. Cümhuriyyətin süqutundan sonra uzun illər qadağalarla üzləşən bu müqəddəs bayraq, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində rəsmi olaraq qaldırıldı və Naxçıvanın dövlət bayrağı kimi qəbul edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi təsis edildi. Bu gün üçrəngli bayrağımız Azərbaycanın suverenliyinin bərqərar olduğu bütün torpaqlarımızda — o cümlədən işğaldan azad edilən əzəli yurdlarımızda əzəmətlə dalğalanır. Hər bir azərbaycanlı üçün bayraq yalnız parça deyil; o, Vətən sevgisinin, milli birliyin və qələbənin əbədi təntənəsidir.

Digər fotolar
arrow-up