Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Prezident İlham Əliyevin tapşırığına əsasən, "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə növbəti köç karvanları yola salınıb. Respublikanın müxtəlif yerlərində - əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti meskunlaşmış ailələr doğma yurdlarına qaytarılıb. Bu mərhələdə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 24 ailə (148 nəfər), Xankəndi şəhərinə 3 ailə (13 nəfər), Xankəndinin Kərkicahan qəsəbəsinə 5 ailə (22 nəfər), Xocalı rayonunun Təzəbinə kəndinə 7 ailə (31 nəfər), Xanyurdu kəndinə 5 ailə (22 nəfər), Xanabad kəndinə 2 ailə (10 nəfər), Ballıca kəndinə 1 ailə (4 nəfər), Ağdərə rayonunun Vəngli kəndinə 4 ailə (14 nəfər), Çapar kəndinə 4 ailə (11 nəfər) və Aşağı Oratağ kəndinə isə 4 ailə (9 nəfər) köçürülüb. Sakinlər onlara göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qayıdan əhali, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canından keçən şəhidlərimizə rəhmət diləyib.
